Soya nədir?
Paxlalı bitkilərdən biri olan soya Asiya mənşəlidir. Bu bitki hazırda müxtəlif ölkələrdə yetişdirilir. “Glycine max” adlandırılan bitkinin yetişmiş və ya qurudulmuş toxumları soya paxlasıdır.
Soyadan istifadə üsulları
Bitkinin toxumlarından süd, pendir (tofu), Asiya mətbəxində məşhur olan tempeh, sous, un və yağ əldə edilir. Soyadan qida məhsullarının istehsalı ilə yanaşı, heyvan yemi və biodizel kimi sənaye məhsullarının hazırlanmasında da geniş istifadə olunur.
Soyanın tərkibi və faydaları
100 qram soya təxminən 36 qram zülal ehtiva edir. Bu baxımdan soya yüksək zülal tərkibli bitkidir. Soyanın tərkibində kalium, kalsium, maqnezium, dəmir, sink kimi minerallar və B vitamini var. Bu bitki amin turşuları, xüsusilə də lizinlə zəngindir. Aşağı yağ nisbəti və yüksək lif tərkibi ilə sağlam qidalanma üçün uyğundur. Soya istehlakı pəhriz zamanı doymuş yağları yüksək olan heyvan zülallarını əvəzləyərək xolesterol səviyyəsinin azaldılmasına kömək edə bilər.
Soya əsaslı içki nədir?
Bu bitkidən əldə edilən içki soya əsaslı hesab olunur. Soya əsaslı içkilər südə alternativ kimi istifadə edilir. Soya su ilə qarışdırılaraq sıxılır. Tərkibində laktoza olmadığı üçün veqan və vegeterianların üstünlük verdiyi içkidir.
Soya əsaslı içkinin tarixi
Soya əsaslı içki qədim dövrlərdə sadəcə qida olaraq istifadə edilsə də, zamanla bitki əsaslı alternativlərə olan tələbatla əlaqədar daha da populyarlaşıb. Tarixi min illər əvvələ, Çin sivilizasiyasına gedib çıxır. İddialara görə, ilk dəfə Han sülaləsi dövründə soya paxlasından müxtəlif yemək və içkilər hazırlanıb. Daha sonra buddist rahiblər bunu bitki mənşəli pəhrizlərdə istifadə etməyə başlayıblar. Soya əsaslı içkilər 20-ci əsrrin ortalarında qərb ölkələrinə yayılıb və südə allergiyası olanlar üçün alternativ kimi təqdim olunub. 1960-cı illərində vegeterian və veqan pəhrizlərinin populyarlaşması ilə soya əsaslı içkilər maraq artmağa başlayıb. Sonra bu məhsul daha geniş istehlak bazarına təqdim edilib.
Soya əsaslı içkisinin hazırlanma qaydası
Soya içkisi hazırlamaq üçün əvvəlcə 1 stəkan qurudulmuş soya paxlası 3-4 stəkan su əlavə edilərək gecə boyunca isladılır. Bu onun daha asan emal edilməsinə kömək olur. Soya paxlası yaxşıca yuyulur. Bəzən insanlar soyanın acı dadının azalması və yumşalması üçün onu təxminən 5 dəqiqə qaynadıb sonra istifadə etməyi üstün tuturlar. İsladılmış və ya qaynadılmış paxlaya 3-4 stəkan su əlavə edib 2-3 dəqiqə yüksək blenderdə qarışdırın. Daha sonra süzgəcdən keçirin. Süzüldükdən sonra soya əsaslı içkiyə istək və ya zövqə bağlı olaraq bal, darçın, vanil ekstraktı əlavə edilə bilər. Evdə hazırlanmış bu içki təxminən 3-4 gün soyuducuda saxlanıla bilər.