Paraben və onun sağlamlığa təsirləri
Paraben kosmetika, şəxsi qulluq məhsulları və bəzi dərmanlarda istifadə edilən kimyəvi birləşmədir. 1950-ci illərdə ilk dəfə olaraq sintetik konservantlar kimi hazırlanıb. Məhsulların saxlama müddətini uzatmaq və mikroorqanizmlərin (bakteriya və göbələklər) çoxalmasının qarşısını almaqda mühüm rol oynayır. Ən çox yayılmış növləri metilparaben (E218), etilparaben (E214), propilparaben (E216) və butilparabendir.
Paraben məhsulların uzun müddət dayanıqlı olmasına kömək etsə də, onun potensial təhlükə mənbəyi olması ilə bağlı mübahisələr var. Son illər aparılan araşdırmalarda parabenin sağlamlığa təsirinə dair narahatlıqlar daha çox vurğulanır. Bəzi ölkələrdə parabenlərin təhlükəsiz miqdarda istifadəsi tənzimlənsə də, bəzən istehlakçılar paraben ehtiva etməyən məhsulları seçməyi üstün tuturlar.
Parabenin, əsasən, aşağıdakı narahatlıqlara səbəb ola biləcəyi düşünülür:
Hormonal balansın pozulması: Paraben bədəndə estrogen hormonu kimi fəaliyyət göstərən kimyəvi maddədir. Bu baxımdan endokrin disruptorlar, yəni hormon pozucu maddələr də adlandırılır. Paraben, xüsusilə, qadınlar üçün menstruasiya dövrü ilə əlaqədar problemlərə yol aça bilər.
Xərçəng riski: Bəzi araşdırmalar yüksək miqdarda parabenə məruz qalmanın qadınlarda hormonla əlaqəli xərçəng (məsələn, süd və yumurtalıq xərçəngi) riskini artıra biləcəyini göstərib. Bu tədqiqatlar hələ də davam etdirilir.
Allergik reaksiyalar: Bəzi insanların dərisi parabenlərə qarşı həssas olduğu üçün kimyəvi birləşmə bədəndə toplanaraq allergik reaksiyaların yaranmasına səbəb ola bilər. Bu, dərinin qızarması, qaşınması və ya ekzema kimi simptomlarla özünü göstərir. Uzunmüddətli istifadə dəri quruluğu və ya digər problemlərə də yol aça bilər.
Reproduktiv sağlamlığa təsiri: Bəzi tədqiqatlar göstərir ki, parabenlərin bədəndə toplanması kişilərdə spermanın keyfiyyəti və sayına, qadınlarda isə hamiləlik dövründə bədənə daxil olduqda plasentadan keçərək fetusa təsir edə bilər. Tədqiqatlara görə, parabenlərin yeni doğulmuş körpələrin inkişafı və orqanizmin normal fəaliyyətinə mənfi təsir göstərə biləcəyinə dair risklər var.
Parabenin iddia edilən zərərlərinə məruz qalmamaq üçün istehlakçılara
“parabensiz” etiketli məhsulların istifadəsi tövsiyə olunur. Çünki parabensiz məhsulların seçilməsi bəzi insanlar üçün daha təhlükəsiz seçim hesab edilir.